
Uşaqlarda dəmir qəbulu
Müayinəyə gələn 1 yaşa qədər körpələrin valideynləri ilə həmsöhbət olarkən adətən ilk suallarımdan biri körpə üçün daimi istifadə etdikləri dərman vasitələrinin olub-olmamasıdır.
Çox zaman körpəyə sadəcə D vitamini verildiyini söyləyən valideynlərə bunun kifayət etmədiyini, körpənin inkişafı üçün eyni zamanda dəmir qəbuluna başlanılmalı olduğunu vurğulayıram. Cavab isə adətən: “Biz qan analizi vermişdik, axı qan azlığı yox idi həkim” - olur.
Diqqətə çatdırmaq istədiyimiz məqam odur ki, dəmir qəbulunu tövsiyə etməkdə məqsədimiz qan azlığını müalicə etmək deyil, dəmir deposunu möhkəmlədərək anemiyanın qarşısını almaqdır. Vaxtında doğulan körpələrdə dəmir 4-cü aydan, vaxtından əvvəl doğulan (prematür) körpələrdə isə dəmir 1 yaşına qədər profilaktik verilməyə başlanılır. 1 yaşında verilən analiz nəticələrinə əsasən, lazım olarsa 2 yaşına qədər dəmir istifadəsi davam etdirilə bilər.
Dəmir qəbulunun bir zərəri olmasa da əksik olmasının uşaqlarda anemiya yaranmasına yol açması təəssüf doğuran gerçəklikdir. Bu da uşaqlarda fiziki və zehni inkişafın ləngiməsinə yol açaraq gələcəkdə İQ-nün aşağı düşməsinə və məktəb həyatında yaşıdlarından geri qalmasına səbəb ola bilər.
Beləliklə, 4 ay-1 yaş arası körpələrinizə həkim məsləhəti əsasında dəmir qəbuluna başlanılmasını tövsiyə edirik.