
Uşaqlarda iştahsızlıq
“İştahsız uşaq” ifadəsi valideynlər tərəfindən yalnış dəyərləndirilmiş ola bilər. Yəni, bəzi hallarda uşaq öz yaşıdlarına görə normal boy və çəki həddində olsa da ailə bunun fərqində olmur. Məsələn, bir çox valideynlər övladlarının çox zəif iştaha alik olması, heç bir şey yeməməsi və ya yemək seçimində “şıltaq” olmaları barədə şikayət edirlər.
Fizioloji olaraq düzgün böyüyən, çəkisi və boyu yaşına uyğun olan bir uşağın iştahı normal səviyyədə olmalıdır. Fiziki olaraq yaxşı inkişaf edən uşaqlarda iştahsızlıq psixoloji və ya keçici hal ola bildiyi kimi, həm də hansısa bir xəstəliyə işarə ola bilər.
Hər hansı bir səbəbdən iştahın az olması böyümə və inkişafın geriləməsinə yol açdığı kimi, çox iştahlı uşaqlarda da obezlik (piylənmə) müşahidə olunur. Lakin piylənmə aşkarlanan uşaqlarda iştahsız olanların əksinə böyümə və inkişafda geriləmə baş vermir.
İştahsızlıq pediatrların çox qarşılaşdığı bir problemdir. Bu kimi hallara dəqiq diaqnozun qoyulması üçün uşağın doğulduğu andan etibarən böyümə qrafikinin izlənilməsi çox önəmlidir. Yəni, inkişafın nə zaman gerilədiyini dəqiqliklə bilmək problemlərin aşkarlanmasında mühüm rol oynayır. Biz iştahsızlıq şikayəti ilə gələn uşaqların son 3-7 gün ərzində qidalanma qrafikini, necə qidalandığını izləmək istəyirik. Əgər hər hansı bir xəstəliyə bağlı problemə rast gəliriksə bu zaman geniş laborator və radioloji analizlər aparırıq.
Uşaqlarda müxtəlif xəstəliklərə bağlı yaranan iştahsızlıq səbəbləri:
- Uşağın qidalanması və udqunmasına əngəl olan səbəblər;
- Xroniki infeksiyalar;
- Xroniki orqan xəstəlikləri: böyrək, qara ciyər, ağ ciyər problemlərinin olması;
- Gastrointestinal şikayətlərə yol açan xəstəliklər: gastroezofagial reflüs, disfagiya, ürəkbulanma, qusma, qarın ağrısı, ishal və s.;
- Vitamin və mineral əskikliyi;
- Dəmir əskikliyi anemiyası.
Bəs iştahsız uşaqlar üçün nə etməli?
- Uşağın aclıq hissinin olması üçün 3-4 saat ara ilə 3 əsas öyün və günortadan sonra 1 ara öyün verin;
- Yeməklər arasında sadəcə su verin;
- Uşağınıza doyana qədər yeməyi öyrətmək üçün: qidaları kiçik porsiyalar şəklində verin, bir öncəki bitincə yeni bir porsiya daha verin, yemək müddətini 20-30 dəq ilə məhdudlaşdırın;
- Uşağınızı masada və yüksəkdə əyləşdirin;
- Yemək zamanı diqqət dağıdıcı əşyaları minimala endirin (telefon, planşet);
- Uşağınızı yediyi miqdar üçün təqdir etdiyinizi bildirin;
- Yaşına uyğun qidalar verdiyinizdən əmin olun;
- Öz-özünə yeməyə təşviq edin;
- Yemək aralarında atışdırmalıq yeməsinə icazə verməyin;
- Zorla yedirməyə çalışmayın.
İştahsız uşaqlara bunları etməyin:
- Yeməklər arasında əlavə qida yeməsinə icazə verməyin;
- Uşağınızın qəlyanaltı yeməsinə icazə verməyin;
- Uşağınızı zorla qidalandırmağa çalışmayın.
Uşağınızın qidalanması ilə bağlı narahatlıqlarınızı uşaq həkiminiz ilə paylaşmağınız problemin həllinə, həmçinin qidalanma pozğunluqları və normal halları ayırd etməyinizə yardım edər.